2009年1月25日星期日
«Divan»ni Azərbaycanchighe terjime qilghan - Ramiz Əskər
«Divan»ni Azərbaycanchighe terjime qilghan - Ramiz Əskər
Türklüyün şah əsəri Azərbaycan dilində
Filologiya elmləri namizədi Ramiz Əskər 1954-cü ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Qaraçanta kəndində ziyalı ailəsində doğulmuşdur. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Müxtəlif vaxtlarda Azərbaycan radiosunun redaktoru, «Odlar yurdu» və «XXI əsr» qəzetlərinin baş redaktoru, «Hürriyyət» qəzetinin (İstanbul) və Beynəlxalq Xəbər Agentliyinin (Ankara) Qafqaz və Orta Asiya ölkələri üzrə xüsusi müxbiri olmuşdur. 1992-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin katibi, 1997-ci ildən baş katibidir. Jurnalistika sahəsində «H.B.Zərdabi», «Humay», Türkiyənin «Yeni Orxon» və Küveytin «İslama xidmət» mükafatlarına layiq görülmüşdür.
Ramiz Əskər Beynəlxalq Mətbuat İnstitutunun (Vyana), Beynəlxalq Jurnalistlər Birlikləri Konfederasiyasının (Moskva) və Avrasiya Jurnalistlər Birliyinin (Ankara) idarə heyətinin üzvüdür. O, filologiyaya, tarixə və jurnalistikaya dair bir sıra elmi əsərlər və kitablar yazmış, Faruq Sümərin «Oğuzlar», Yusif Balasaqunlunun «Qutadğu bilik», Bahəddin Ögəlin «Türk mifologiyası», Erik Fixteliusun «Jurnalistikanın on qızıl qaydası» və digər əsərləri ana dilimizə tərcümə etmişdir.
Azərbaycan, rus, türk, alman və erməni dillərini bilir.
Türk dünyasının böyük mütəfəkkiri Mahmud Kaşğarinin «Divanü lüğat-it-türk» əsərinin azərbaycanca nəşri ulu öndərimiz Heydər Əliyevin unudulmaz xatirəsinə həsr olunmuşdur.
Kitab tərcüməçinin belə bir qeydi ilə açılır: «Bu tərcüməni zəmanəmizin ən böyük türklərindən və türkçülərindən biri, türk dünyasının şanlı övladı, çağdaş Azərbaycan dövlətinin banisi, ana dilimizin, elm və mədəniyyətimizin hamisi, ümummilli liderimiz, mərhum Prezidentimiz Heydər Əliyevin parlaq və əbədi xatirəsinə ithaf edirəm. Qədirbilən türk dünyası və Azərbaycan xalqı onu heç zaman unutmayacaq».
«Divan»ın bu nəşrinə himayədarlıq etmiş Türkiyə Respublikasının doqquzuncu prezidenti Süleyman Dəmirəlin xeyir-duası da kitabın başlanğıcında dərc edilmişdir.
Bu ilin əvvəlində 80-ci ildönümünü qeyd etdiyimiz birinci Türkoloji qurultayın türk xalqlarının mədəni-elmi ictimaiyyəti qarşısında irəli sürdüyü əsas tövsiyələrdən biri də türkçülük ideologiyasının və türkologiya elminin təməl daşlarından biri sayılan Mahmud Kaşğarinin «Divanü lüğat-it-türk» əsərinin müasir türk dillərinə tərcümə edilməsi idi.
Ötən 80 ildə Azərbaycan filologiyası bu tövsiyəni daim diqqət mərkəzində saxlasa da, «Divan»ı dilimizə tərcümə etmək vəzifəsini yerinə yetirmək heç kəsə müyəssər olmamışdı. Çünki bu işdə istək, hətta bilik və bacarıq az idi. İlk növbədə vətəndaş fədakarlığı, çox böyük fiziki və intellektual zəhmət tələb olunurdu.
Qeyd etmək lazımdır ki, bu müddət ərzində «Divanü lüğat-it-türk» Türkiyə türkcəsinə, özbək, uyğur, qazax türkcələrinə, bundan əlavə, alman, ingilis, çin və fars dillərinə tərcümə edilmişdir.
Bu tərcümələr içərisində ən mükəmməli Türkiyə alimi, professor Bəsim Atalayın (1882-1965) türk dilinə etdiyi tərcümə sayılır.
B.Atalay «Divan»ın dörd cildini 1939-1943-cü illərdə nəşr etdirmişdir.
«Divan»ın 1960-1967-ci illərdə nəşr olunmuş özbək dilinə tərcüməsi də nüfuzlu mənbə sayılır. Yeri gəlmişkən qeyd etmək istərdik ki, bu işə görə tərcüməçi Salih Mütəllibova filologiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir.
Bu günə qədər «Divan»ın son tərcüməsi cənublu soydaşımız, professor Hüseyn Düzgünün 2004-cü ildə nəşr etdirdiyi fars dilinə tərcümə hesab olunurdu.
Nəhayət ki, türk varlığının ən dəyərli qaynaqlarından biri sayılan bu ölməz abidə Azərbaycan dilində də nəşr olundu.
AMEA Folklar İnstitutu elmi şurasının qərarı ilə «Ozan» nəşriyyatında çap olunmuş bu tərcümənin müəllifi türk dünyasının və dilinin mahir bilicisi, tanınmış türkoloq və jurnalist, filologiya elmləri namizədi Ramiz Əskərdir.
Bundan əvvəl Ramiz Əskər türkologiyanın mötəbər mənbələrindən sayılan bir neçə kitabı — Fariq Sümərin «Oğuzlar» (1992), Yusif Balasaqunlunun «Qutatğu Bilig»(K.Vəliyevlə birgə, 1994), Bahəddin Ögəlin «Türk mifologiyası» (I cild, 2004) əsərlərini ana dilimizə tərcümə etmiş, «Qutatğu Bilig» haqqında dəyərli monoqrafiya (2003) nəşr etdirmişdir.
«Divanü lüğat-it-türk»ün Azərbaycan dilində nəşri ümumi həcmi 2080 səhifə — 130 çap vərəqi olan dörd cilddən ibarətdir.
Ramiz Əskər bu tərcümə üzərində işə müəyyən fasilələrlə ömrünün 20 ilini həsr etmişdir.
Tərcümə üçün baza olaraq o, B.Atalay və S.Mütəllibovun tərcümələrini əsas götürmüşdür.
Türkologiyada qəbul olunmuş ümumi fikrə görə, orta əsrlər ortaq türk ədəbiyyatının dünya ədəbi irsinin inciləri sırasına daxil olan dörd möhtəşəm abidəsi vardır: «Kitabi-Dədə Qorqud», «Manas» dastanı, böyük türk şairi və mütəfəkkiri Yusif Xas Hacib Balasaqunlunun «Qutatğu Bilig» poeması və Mahmud Kaşğarinin «Divanü lüğat-it-türk» əsəri.
Ramiz Əskərin haqlı olaraq göstərdiyi kimi, «ümumtürk ədəbiyyatının təməl sütunları olan bu dörd şah əsərdən üçü türk dillərinin ayrı-ayrı qruplarına — ‹Dədə Qorqud› oğuz qrupuna, ‹Manas› qıpçaq qrupuna, ‹Qutatğu Bilig› karluq qrupuna məxsus və mənsubdur. ‹Divanü lüğat-it-türk› isə universal bir əsər kimi bütün qrup, dil və ləhcələrin fövqündə dayanan, onların arasında heç bir fərq qoymadan istisnasız olaraq hamısını əhatə edən və özündə cəmləşdirən son dərəcə zəngin xəzinədir».
«Divan» sadəcə filoloji araşdırma — lüğət kimi türk xalqlarının yalnız dil və ədəbiyyat materiallarını deyil, bütün milli mənəvi dəyərlərini — tarixini, coğrafiyasını, mədəniyyətini, iqtisadiyyatını, siyasi görüşlərini, etnoqrafiyasını, sosial mühitini əhatə edən ensiklopediya xarakterli biliklər toplusudur. Bu mənada böyük türk mütəfəkkiri Mahmud Kaşğari Avropada ilk analoji topluları yaradan maarifçi-ensiklopedistləri yeddi yüz il qabaqlamışdır. Sırf filoloji baxımdan isə «Divan» dünya elmi tarixində türkoloji dilçiliyin və ümumən dilçilikdə müqayisəli tədqiqat metodunun əsasını qoyması ilə dəyərlidir.
Orta əsrlərə aid bir sıra elmi mənbələrdə Mahmud Kaşğarinin «Divan»ının adı çəkilsə də, əsərin özünün orijinal mətni elm aləminə məlum deyildi. Əsərin orijinal nüsxəsi 1914-cü ildə aşkar edilmişdir. Tanınmış kitab həvəskarı Əli Əmiri Əfəndi adlı bir məmur İstanbulun bukinist mağazalarından birində bu kitabın əlyazma nüsxəsinin olduğunu eşidir və orijinal nüsxəsi 638 səhifə olan «Divan»ı 33 qızıl lirəyə satın alır. «Divan»a görə xarici dövlətlərin təklif etdiyi çox yüksək məbləğdən imtina edən Ə.Ə.Əfəndi kitabı İstanbuldakı Millət kitabxanasına hədiyyə edir.
Türkiyənin baş naziri Tələt Paşanın və türkçülüyün böyük ideoloqu Ziya Göyalpın təşəbbüsü ilə «Divan» tədqiq olunmaq üçün tanınmış türkoloq Kilişli Rifətə (1873-1953) təqdim olunur. Kilişli Rifət «Divan»ı 1915-1916-cı illərdə üç cilddə nəşr etdirir. Yeri gəlmişkən qeyd edək ki, «Kitabi-Dədə Qorqud»un orijinal nüsxəsini də ilk dəfə 1916-cı ildə (əsərin Drezden nüsxəsi aşkar edildikdən 101 il sonra) Kilişli Rifət nəşr etdirmişdi.
Ərəb dilində yazılmış bir kitab olaraq «Divan»ın praktiki məqsədi ərəblərə və islam dünyasının ərəb dilini bilən bütün savadlı adamlarına türk dilini öyrətmək idi.
Türk sivilizasiyasının bütün sahələr üzrə coşqun yüksəliş dövründə meydana çıxan «Divan»ın müəllifi hədsiz qürur hissi ilə yazırdı: «Tanrının inayəti ilə günəş türk bürclərində doğdu və göylərin bütün dairələri onların mülkləri üzərində döndü. Tanrı onlara türk adını verdi və onları yer üzünə hakim qıldı. Dövrümüzün xaqanlarını onlardan çıxardı, dünya millətlərinin idarə cilovunu onların əlinə tapşırdı, onları hamıdan üstün elədi, onları haqq üzrə qüvvətləndirdi. Türklərlə əlbir olanları və tərəfdarlarını əziz tutdu, türklərin sayəsində bütün arzularına çatdırdı, pislərin, qaragüruhun şərindən qorudu. Türklərin oxlarından qoruna bilmək üçün onların yolunu tutmaq hər bir ağıllı adama layiq və münasibdir. Dərdini söyləmək və türklərin könlünü fəth etmək üçün onların dilində danışmaqdan başqa yol yoxdur».
Mahmud Kaşğari türklərin tarixi missiyası, əzəmət və qüdrəti haqqında fikirlərinin təsdiqi üçün Həzrəti Məhəmmədin belə bir kəlamına istinad edir: «Türk dilini öyrənin, çünki onlar üçün uzun sürəcək hökmranlıq vardır». Pyğəmbərin bu kəlamını mötəbər ruhani və ilahiyyatçılardan eşitdiyinə and içən «Divan» müəllifi daha sonra əlavə edir: «Bu hədis doğru isə, türk dilini öyrənmək çox vacib işdir, əgər bu söz doğru deyilsə, o zaman türk dilini öyrənməyi ağıl tələb edir».
Mahmud Kaşğari 1008-ci ildə Uyğur elinin Kaşğar şəhəri yaxınlığındakı Opal kəndində doğulmuş və 1095-ci ildə vəfat edərək həmin kənddəki mənsub olduğu hakim Qaraxanilər sülaləsinə aid olan ailə qəbiristanlığında dəfn edilmişdir. Böyük elm və bilik sahibi kimi nüfuz qazanmış Mahmud Kaşğarini sağlığında Həzrəti Mövlana Şəmsəddin Əllamə adlandırırdılar.
Mahmud Kaşğari «Divanü lüğat-it-türk» əsərini 1072-1074-cü illərdə Bağdadda yazmış, 1076-1078-ci illərdə kitab kimi hazırlayaraq xəlifə əl-Müqtədiyə təqdim etmişdir. Bundan əvvəl isə o, 10-15 il bütün türk ellərini oba-oba gəzmiş, otuza qədər türk ləhcəsini bütün incəliklərinə qədər öyrənmişdir. Digər dil və ləhcələri də nəzərə alsaq, «Divan»da mənbə və material kimi ümumən qırxa yaxın dildən istifadə olunmuşdur.
Əsərdə şifahi və yazılı türk ədəbiyyatı üçün misilsiz dəyərə malik olan 318 atalar sözü, məsəl, deyim və kəlam, 240 bənd və beyt şeir verilmişdir. Bundan başqa, türk dilində onlarca siyasi, iqtisadi, hərbi termin, onomastik vahid, gündəlik həyat və məişət sözləri şərh olunmuşdur.
«Divan»ın Mahmud Kaşğarinin öz əlilə yazdığı dörd nüsxəsindən heç biri dövrümüzə qədər gəlib çatmamışdır. Elm aləminə məlum olan yeganə əlyazma nüsxəsi əslən Cənubi Azərbaycanın Savə şəhərindən olan, sonralar Dəməşqdə yaşamış Məhəmməd ibn Əbu-Bəkr tərəfindən Mahmud Kaşğarinin öz əlyazmasından XIII əsrdə köçürülmüş nüsxədir.
«Divanü lüğat-it-türk»ün Azərbaycan dilinə tərcüməsinin və nəsr olunmasının mənəvi dəyərini kitabın elmi redaktoru, AMEA-nın müxbir üzvü, Türk Dil Qurumunun fəxri üzvü, filologiya elmləri doktoru, professor Tofiq Hacıyevin sözləri ilə ifadə etmək istərdik: «Mahmud Kaşğarinin ‹Divanü lüğat-it-türk› kitabı həm həcm, həm məzmun, həm də yazılma tarixi etibarilə türkologiyanın ən böyük, ən qiymətli, ən qədim əsəridir. Türk dünyasının bu möhtəşəm abidəsinin, gec də olsa, Azərbaycan dilinə tərcüməsi və nəşri, filologiyamızın elmi dövriyyəsinə daxil edilməsi, tədqiqatçılara, geniş ziyalı və oxucu kütləsinə çatdırılması ölkəmizin elmi-mədəni həyatında mühüm hadisədir».
«Divan»ın Azərbaycan dilində nəşrinin hazırlanmasında nəşrin rəyçisi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərovun, məsləhətçiləri — filologiya elmləri doktorları prof. Hüseyn İsmayılovun, prof.Məmmədəli Qıpçağın və prof.Əzizxan Tanrıverdinin əməklərini də xüsusi qeyd etmək lazımdır.
«Divanü lüğat-it-türk» Azərbaycan dilində Ataholdinq şirkətinin maliyyə dəstəyi ilə nəşr olunmuşdur.
Sonda isə təəssüf hissi ilə əlavə etmək istərdik ki, bu böyük abidə şanına və sanbalına yaraşmayan dərəcədə kiçicik bir tirajla —cəmi 1000 nüsxə çap edilmişdir.
bu İlham ABBASOV maqalisi
«Xalq qəzeti»
menbe:
http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=6361
订阅:
博文评论 (Atom)
没有评论:
发表评论